Qarabağa aparan qədim naxışlar
ADAlılar Rifah Zeynalov (10C1), Aylin Baktaşı (10B4) və Fatimə Xubyarova (10A2) Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin xanım Məlikovanın dəvəti ilə muzeydə qonaq oldular. ADAlılraımız həm muzeyin eksponatlarına baxdılar, həmdə Şirin xanımla xalçalar barədə maraqlı söhbət etdilər…

Rifah Zeynalov (R.Z.): Salam Şirin xanım. Vaxt tapıb bizimlə görüşə razılıq verdiyiniz üçün Sizə təşəkkür edirik. Azərbaycan Milli Xalça Muzeyinin bu cür gözəl məkanda və müasir üslubda yaranması xalça sənətinin Azərbaycan üçün necə bir yüksək milli dəyər olduğunun göstəricisidir. İstərdik ki, bu möhtəşəm muzeyin rəhbəri kimi muzeyin yaranması və fəaliyyəti barədə bir qədər danışasınız.
Şirin Məlikova (Ş.M.): Azərbaycan Milli Xalça Muzeyinin tarixi 1967-ci ildən başlayır. Muzeyin ilk ekspozisiyası 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi – Cümə məscidinin binasında açılmışdır. Muzeyin açılışında Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyev iştirak etmişdir. 2007-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı əsasında xüsusi olaraq xalça muzeyi üçün yaradılmış yeni bina Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və YUNESKO-nun birgə layihəsinə çevrilmişdir. Açılan sehrli xalça formalı bənzərsiz tikilinin memarı – məşhur avstriyalı arxitektor Frans Yansdır. Yeni binanın təntənəli açılışı 26 avqust 2014-cü il tarixinə təsadüf edir. Artıq bu məkan şəhərimizin simvollarından birinə çevrilmişdir.
Muzeydə gözəlliyi və çeşidliliyi ilə heyrətləndirən 10 mindən artıq eksponat qorunub saxlanılır.
Muzeyin ekspozisiyası Azərbaycanda xalçaçılıq sənətinin tarixini, müasir vəziyyətini və inkişaf tendensiyalarını, kompozisiya tiplərini və ornamentlərini əks etdirir. Muzeydə həmçinin Azərbaycan xalqına xas digər tətbiqi sənət növləri də geniş təqdim edilir.
Aylin Baktaşı (A.B.): Eyni zamanda Siz Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin sədrisiniz. Bu Şuraya üzvlük Azərbaycan üçün hansı imkanlar açır?
Ş.M.: İlk növbədə qeyd edim ki, ICOM-un üzvü yalnız muzey əməkdaşları ola bilər. İCOM üzvləri dünyanın əksər muzeylərini ödənişsiz ziyarət edə bilərlər. Bununla yanaşı, muzey peşəkarları üçün bir çox imkanlar yaradır. Belə ki, müxtəlif beynəlxalq və milli komitələr çərçivəsində onlar öz sahələri üzrə konfrans və treninqlərdə iştirak edir, öz iş təcrübələri ilə bölüşür, müxtəlif muzeylərlə birgə layihələr təşkil edirlər.
Bununla yanaşı, 2017-ci ildən İCOM-un bir neçə beynəlxalq komitələrinin illik konfransları Azərbaycanda təşkil olunmuşdur. Avropa, ABŞ və Asiyanın muzey nümayəndələri, İCOM-un prezidenti həmin konfransa qatılmışdır. Bu da ölkəmizdəki muzeylərin işinin dünya səviyyəsində təbliğində çox yaxşı imkandır.
R.Z.: Necə oldu ki, Siz incəsənətin bu sahəsini seçdiniz?
Ş.M.: Mən özüm ziyalı ailədə göz açmışam, məni daim incəsənət əsərləri əhatə edib.
2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını “İncəsənət tarixi və nəzəriyyəsi” ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirmişəm. “Azərbaycan XVI-XVIII əsrlər bədii parça və tikmələri” mövzusunda dissertasiya işini müdafiə etmişəm. Sənətşünaqlıq üzrə fəlsəfə doktoru, dosentəm. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sənətşünaslıq” kafedrasında, 2012-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İncəsənət tarixi” kafedrasında dərs deyirəm.
Yəni, incəsənət, dekorativ-tətbiqi sənət və onun ayrılmaz hissəsi olan xalça sənəti mənim üçün uşaq yaşlarından çox yaxındır.
A.B.: Dünyada ilk xalçanın yarandığı dəqiq tarix bəlkə də heç kimə məlum deyil. Sizcə, xalçalar nə zamandan sadəcə yerə sərilərək insanlara istilik vermək funksiyasından əlavə, bir incəsənət əsəri kimi dəyərləndirilməyə başlanıb?
Ş.M.: Təbii ki, ilk yaranan xalçanın tarixi məlum deyil. Azərbaycan dünyada ən qədim xalçaçılıq regionlarından biridir. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş müxtəlif alət, eləcə də parça qalıqları müasir Azərbaycan ərazisində xalçaçılığın Tunc dövründə meydana gəldiyini deməyə imkan verir.
Cənubi Azərbaycanın Maku əyalətində aşkar edilmiş gildən hazırlanmış, üzərində ov iti, ceyran və quş, habelə gül və budaq naxışları ilə bəzədilmiş çul olan at fiquru (e.ə. II minillik), Urmiyə gölü yaxınlığındakı Həsənli təpəsində aşkarlanmış, kürəyində çul olan aslan təsvirli qızıl cam (e.ə. I minillik) Azərbaycan xalq sənətinin bir qolu olan xalçaçılığın qədim tarixə malik olduğuna dəlalət edir. Xalçalar yarandığı vaxtda həm utilitar, həm də sənət əsəri kimi dəyərləndirilib. Təqribən 2500 yaşı olan dünyada ən qədim xalça Dağlıq Altayda Pazırıq kurqanında tapılmış və hal-hazırda Sankt- Peterburqdakı Dövlər Ermitajında saxlanılan unikal xalçadır. Sankt-Peterburq şəhərinə səfər edən hər bir kəsə Pazırıq xalçasına tamaşa etməyinizi tövsiyə edirəm.
R.Z.: Azərbaycanın xalçaçılıq sənətində Qarabağ xalça qrupunun xüsusi yeri vardır. Qarabağ xalçaları digər xalçalardan hansı xüsusiyyətləri ilə fərqlənir?
Ş.M.: Qarabağ Azərbaycanın ən qədim insan məskənlərindən biridir. Bu bölgənin bir çox şəhərləri xalça sənəti ilə məşhur olmuşdur. Onlardan Bərdə, Ağdam, Ağcabədi, Kəlbəcər, Füzuli, Laçın, Şuşa kimi şəhərlərin adını çəkmək olar. Bərdə şəhəri Qarabağın ən qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri olub, Albaniya dövlətinin Qəbələdən sonra ikinci paytaxtı olmuşdur. Qarabağda müxtəlif adlarda xalçalar toxunur. Qarabağın ən məşhur xalçalarından “Bərdə”, “Xanqərvənd”, “Qoca”, “Buynuz”, “Dəryanur”, “Açma-yumma”, “Xanlıq”, “Muğan”, “Qasımuşağı”, “Bəhmənli”, “Ləmpə” və s. adlarını çəkmək olar.
Qarabağ, Təbriz qrupu istisna olunmaqla daha böyük ölçülü xalçaların mərkəzi hesab oluna bilər. Burada XVII sonu – XVIII əsrin əvvəllərindən başlayaraq üç, bəzən də beş hissədən ibarət dəst xalı-gəbələr toxunmuşdur. Halbuki nəinki Azərbaycanın digər xalça qruplarına aid olan məntəqələrində, hətta cəsarətlə demək olar ki, dünyanın heç bir yerində dəst xalı-gəbələr toxunmur. Dəst xalı-gəbələrə “ortalıq” xalı və onun iki yan tərəfinə salınan gəbələr aiddir. Ortadakı xalı yan gəbələrə nisbətən 15-20 sm enli olur. Bəzən bu üçlüyə “başlıq” və “qapıağzı” deyilən ayaqlıq hissə də əlavə edilir. Bu nadir hallarda olur. Hər 3 və yaxud 5 xalı- gəbənin rəng, kompozisiya və naxışları eyni olur.
Qarabağ xalı-xalçaları az sıxlığa (25×25 sm, 30×30 sm, 35×35 sm) malik olub, xov hündürlüyü 6-10 mm-ə çatır. Qarabağ xalçaları əlvan (qırmızı, sarı) və kontrast rənglərdə toxunur. Ara sahə yerliyi ənənəyə uyğun olaraq qırmızı və qara rəngdə olur. Qarabağ xalçalarında klassik, totem və işarə xarakterli stilizə edilmiş elementlərlə yanaşı, ən çox Təbriz xalça kompozisiyaları da toxunur. Lakin, istər Təbriz, istərsə də Avropanın xalça, parça və süfrələrindən götürülən naxışlar stilizə edilərək yerli naxış üslubuna tətbiq edilir.

A.B.: Muzeydə sərgilənən Azərbaycan xalçaları sırasında Qarabağ xalçaları təmsil olunubmu? Onlar hansılardır?
Ş.M.: Qeyd edim ki, dünyada Qarabağ xalçalarının ən zəngin kolleksiyası bizim muzeydədir və bu xalçalar bütün kompozisiyaları əhatə edir. Burada XVII əsrin “Xətai” xalçalarından tutmuş XX əsrin əvvəlinə aid süjetli xalçalar qorunur. Bu qrupun kompozisiyaları sırasında “Baxçada güllər”, “Balıq”, “Buynuz”, “Bəhmənli”. “Qarabağ”, “Qoca”, “Qasımuşağı”, “Lənbəran”, “Muğan”, “Talış”, “Ləmpə”, “Malıbəyli”, “Xantirmə”, “Xanlıq”, “Çələbi”, “Şabalıdbuta”, “Naxçıvan” və digərlərini sadalamaq olar. Maraqlıdır ki, muzeyin əldə etdiyi ilk xalça 1967-ci ildə alınmış, XIX əsrin sonuna aid Qarabağın “Balıq” xalçasıdır.
R.Z.: Məşhur Çələbi xalçaları barədə eşitmək maraqlı olardı.
Ş.M.: “Çələbi” və ya “Bərdə” adlı xalça kompozisiyası Qarabağın ətraf kəndlərində, o cümlədən Bərdənin 10 km şərqində yerləşən Çələbi kəndində toxunmuşdur. Görkəmli xalça tədqiqatçısı Lətif Kərimovun fikrinə əsasən, türk xalqlarında “Çələbi” sözü bəy, əfəndi, həmçinin yüksək mənsəb sahiblərinə verilən fəxri titul idi.
Xalça tək göl kompozisiyası əsasında tərtib olunmuşdur. Ara sahənin mərkəzində “Çələbi” xalçalarına xarakterik olan eyni quruluşlu göl elementi verilir. Qarabağ xalçaçılığında geniş yayılmış “Günəş” və ya “Çələbi” adlı göl elementi hər tərəfə şüalarını yayan günəşin rəmzi olub, həm də ilahi nura işarədir.
On iki ləçəkli oxşəkilli, girintili və çıxıntılı formalardan ibarət olan bu göl elementi XIV – XVI əsrlərin peşəkar rəssamlarının yaratdıqları medalyonları təqlid edir və Qarabağ növlü xalçaların digər qrupları arasında da istifadə olunurdu.
A.B.: Qarabağımız nəhayət ki, düşmən işğalından azad olunubdur. Qarabağda, xüsusilə də Şərqin mədəni beşiyi sayılan Şuşada xalça muzeyi yaratmaq planları varmı?
Ş.M.: Bilirsiniz, hələ 1987-ci ildə Şuşada muzeyimizin filialı təntənəli surətdə açılmış və 1992-ci ilə qədər fəaliyyət göstərmişdir. Qeyd edək ki, 1992-ci ildə Şuşa filialından 246 eksponatdan 183 eksponat təxliyə olunaraq bu günədək Azərbaycan Milli Xalça Muzeyində qorunub-saxlanılır. Hal- hazırda Şuşaya aparılacaq eksponatların siyahısı yenilənir. Yenidən fəaliyyəti bərpa olunan filial Azərbaycan Milli Xalça Muzeyinin qabaqcıl iş prinsipini özündə əks etdirməsi üçün xüsusi proqramlar işlənib-hazırlanması nəzərdə tutulub.
R.Z.: Məlumdur ki, xalçaların toxunmasında ornamentlərin xüsusi rolu var. Ornamentlər regiondan regiona fərqlənirmi? İnsanların yaşadıqları coğrafi məkan (məsələn dağlıq və ya aran zonası) xalçaların ornamentlərinə təsir göstərə bilirmi?
Ş.M.: Əlbəttə, təsiri var. İnsanlar xalçaya onları əhatə edən təbiəti, əşyaları, öz inanc və duyğularını ilmələr vasitəsi ilə həkk edirlər. İlk öncə qeyd edim ki, naxış, ornamaent mövzusu çox geniş mövzudur və o bir müsahibəyə salına bilməz.
Naxış qismində mən əjdaha ornamentini misal gətirmək istərdim. Özündə qoruyucu mənanı əks etdirən simvola biz əksər Qarabağ xalçalarında rast gəlirik. Bunu “Xətai”, “Qasımuşağı” kimi xovlu və vərni kimi xovsuz xalçalarda rast gəlirik.
A.B.: İstənilən xalçanın dəyərini təşkil edən əsas 2 amil hansılardır?
Ş.M.: Xalçanın dəyərini təşkil edən əsas iki amil – onun toxunmasında istifadə olunan xammal və toxunmanın keyfiyyətidir. Xammal dedikdə, biz xalçanın toxunmasında istifadə olunan yunun keyfiyyətini nəzərdə tuturuq. Toxunmanın keyfiyyəti – kompozisiyanın düzgün alınmasıdır.

R.Z.: Sərgilərdən danışaq. Bilirik ki, Azərbaycan xalçaları bir çox ölkələrin sərgi zallarında nümayiş etdirilir. Keçirilmiş sərgilər barədə öyrənmək maraqlı olardı.
Ş.M.: Azərbaycan xalçaları demək olar ki, bütün dünyada sərgilənib. Təşkil olunan sərgilər daim böyük maraqla qarşılanıb. Bu gün bizim xalçalar müvəqqəti sərgilərlə yanaşı, dünya şöhrətli muzey ekspozisiyalarının daimi eksponatları sırasındadır.
Azərbaycan Milli Xalça Muzeyinə gəldikdə, son illərdə bizim silsilə sərgilərimiz İstanbul, Moskva, Tbilisi, Pekin, Sofiya, Belqrad və digər şəhərlərdə təşkil olunub. Onlardan Türk və İslam Əsərləri Muzeyində təşkil olunan sərgini xüsusi vurğulamaq istərdim. 13 mart 2020-ci ildə AMXM “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına
və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” və Azərbaycan ənənəvi xalçaçılıq sənətinin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi çərçivəsində “Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” adlı sərgi və eyni adlı kitab-kataloqun təqdimatı təşkil olunmuşdur. XVII-XIX əsrlərə aid olan on iki ədəd nadir və indiyə kimi heç vaxt sərgilənməyən Azərbaycan xalçaları ilk dəfə nümayiş etdirildiyi bu sərgi izləyicilər tərəfindən böyük maraqla qarşılanmışdı.
A.B.: Bildiyim qədəri ilə, xalçaların toxunmasının iki üsulu var – əllə toxunma və maşın toxunması. Bunların arasında fərq nədədir?
Ş.M.: İlk növbədə maşın xalçasına əl vurduqda onun maşınla toxunmasını hiss etmək olar. Belə xalçaların arxa tərəfi sürüşkəndir və onlardan kimyəvi yapışqan iyi gəlir. Əllə toxunan xalçaların isə arxa hissəsində ilmələri aydın şəkildə görmək olur və onlardan təbii yun iyi gəlir.
R.Z.: Dünyada kompüter texnologiyası hər bir sahədə tətbiq olunur. Süni intellekt az qala incəsənətdə də insan əməyinin yerini tutmaq istəyir. Necə düşünürsünüz, gələcəkdə xalçaların toxunmasında kompüter texnologiyasından istifadə ehtimalı varmı?
Ş.M.: Artıq uzun illərdir ki, rəssamlar öz təcrübəsində kompüter imkanlarından istifadə edərək müxtəlif kompozisiyalı xalçalar yaradırlar. Hətta bizim muzeydə də vaxtı ilə uşaqlar üçün belə bir kompüter oyunu tətbiq olunmuşdur. Burada ara sahə, haşiyələr üçün müxtəlif naxışları, rəngləri seçərək öz xalçanı yaratmaq mümkündür.
A.B.: Dünyada ən baxalı / dəyərli xalça hansıdır?
Ş.M.: Yəqin ki, bu suala dəqiq cavab vermək çətindir. “Şeyx Səfi” xalçasını desəm səhv etmərəm.
R.Z.: Bəzi xalçalar öz rəsmlərində və ornamentlərində bir növ şifrlənmiş mesajlar daşıyır. Sizcə, bir ekspert kimi, təsvirlər vasitəsilə ötürülən hər bir mesajı anlamaq asandırmı?
Ş.M.: Hazırlıqlı, müəyyən biliklərə malik tamaşaçı üçün əlbəttə ki, bu mesajları anlamaq mümkündür. Amma adi bir tamaşaçı üçün yox. Xalçalardakı bir çox naxışlar – qədim damğalar, öz mənasını itirmiş işarələrdir. Və onların düzgün anlanması üçün tarix, arxeologiya, sənətşünaslıq, dilçilik, mifologiya, dinşünaslıq və digər elm sahələrində biliklərə malik olmaq lazımdır.

A.B.: Bilirik ki, Azərbaycan xalçaları dünyanın bir çox ölkələrinin muzeylərində nümayiş etdirilir və ya şəxsi kolleksiyalarda saxlanılır. Sizcə, ölkənin milli sərvəti sayılan dəyərli qədim xalçalar öz yarandığı vətənində saxlanılmamalıdırmı?
Ş.M.: Xarici muzeylərdə qorunan Azərbaycan xalçaları ən qiymətli eksponatlar sırasındadır. Viktoriya və Albert, Metropoliten İncəsənət, Luvr və bir çox digər muzeylərin daimi kolleksiyasında onları görmək, burada “Azərbaycan” adının qeyd olunması özü-özlüyündə ölkənin təbliğində rol oynayır. Ancaq biz tez-tez belə hallarla qarşılaşırıq ki, bu xalçaların toxunma məkanı kimi “Qafqaz”, “İran” və ya “Ermənistan” qeyd olunur.
Bu gün xalça muzeyinin ümdə olan vəzifələrindən biri elmi dəlillərlə bu xalçaların Azərbaycana aid olmasını sübuta yetirmək və muzey mətnlərində düzəlişlər etmək durur.
O ki qaldı, şəxsi kolleksiyalara – biz kolleksionerlərlə sıx əməkdaşlıq edirik, artıq bir neçə xarici kolleksionerlər öz kolleksiyalarında qorunan nadir Azərbaycan xalçalarını bizə hədiyyə edib və ildən-ilə onların sayı artmaq üzrədir.
R.Z.: Ən qədim xalçanın neçə yaşı var?
Ş.M.: Yuxarıda qeyd etdiyim kimi, dünyada ən qədim xalça – e.ə. V-IV əsrlərə aid Pazırıq xalçasıdır. Azərbaycan Milli Xalça Muzeyinə gəldikdə – ən qədim xalçalar – XVII əsrə aid Şirvanın “Şamaxı”, Qarabağın “Xətai” və “Əjdahalı” xalçalarıdır.
A.B.: Mənfur qonşumuz Ermənistan bizim mədəni sərvətlərimizi, tarixi abidələrimizi, musiqimizi, mətbəximizi tarix boyu oğurlayıb mənimsəməyə çalışıb. Maraqlıdır, Azərbaycan xalçalarını da özlərinki kimi dünyaya göstərməyə cəhd ediblərmi?
Ş.M.: Əlbəttə! Onlar bu təbliğat işini uzun illərdir ki, aparırlar. Son illərdə biz belə desək “xalça cəbhəsi”ndə vuruşur və xalçalarımızı geri alırıq.
Onlar bir çox xalçalarımızın adını dəyişdirərək öz adlarını, məsələn, “Çələbi” xalçasını “Çelabert”, “Xətai” xalçasını “Vişapaqor” və s. kimi təqdim edirlər. Biz də xarici muzeylərdə erməni adı ilə tanınan Azərbaycan xalçalarını elmi dəlillərlə bizə aid olduğunu sübuta yetirərək yaranma yeri kimi Azərbaycanın qeyd olunmasına nail oluruq.
R.Z.: Xalçaçılıq kimi qədim incəsənət nümunəsinin bugünkü gənclər arasında təbliğ olunması üçün, Sizcə, hansı işlər görülməlidir?
Ş.M.: Bizim muzeydə bugünkü gənclər arasında xalça sənətinə maraq yaratmaq üçün bir çox proqramlar işlənib hazırlanmışdır. Amma ən əsası sizin muzeyimizə gəlməyinizdir. Muzeyimizdəki mütəxəssislər sizdə bu sənət haqqında müfəssəl məlumat yaradacaq və bu sənəti sizə sevdirəcəklər.
A.B.: ADA Məktəbinin şagirdlərinə nə arzulayardınız?
Ş.M.: Pandemiya ilə əlaqədar hər birinizə ilk növbədə cansağlığı, təhsilinizdə uğurlar, daha çox öz üzərinizdə işləməyi, qarşınıza qoyduğunuz məqsədlərə çatmağı və Vətənimizə layiqli övlad olmağı arzulayıram.
Gördüyünüz və görəcəyiniz işlər həqiqətən də çox maraqlıdır. Azərbaycanın milli mənəvi dəyərlərinin qorunub saxlanılmasında, eləcədə Azərbaycan incəsənətinin incisi olan milli xalçaçılıq sənətinin dünyaya təbliğ edilməsində Sizə uğurlar arzulayırıq.
